Həbsdə olan ilahiyyatçı Sərdar Babayevin yaxınları deyirlər ki, məhkəmə onun şikayətinə baxmır. Ailəsinin ehtimalına görə, onun cəza rejimini ağırlaşdırıb yenidən həbsxanaya köçürməyi planlaşdırırlar.
Yaxınları AzadlıqRadiosuna danışır ki, S.Babayev daha öncə birillik həbsxana rejimiylə cəzalandırılmışdı. Həmin müddət mayın 17-də bitdiyindən o, 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb: "Şeyx Sərdar ora köçürülən kimi, dörd dəfə karser cəzası veriblər. Vəkil şikayət edir, şikayətə də baxan yoxdur. Yəqin, bunu bəhanə eləyib yenə həbsxana rejiminə köçürmək üçün əsas yaradırlar. Bu qədər yalan, bu qədər haqsızlıq, insafsızlıq olar?".
İlahiyyatçının vəkili Zibeydə Sadıqova da deyilənləri AzadlıqRadiosuna təsdiqləyib. Vəkil 1 saylı Cəzaçəkmə Müəssisəsində müvəkkilinin başına gələnlər barədə Ombudsman Aparatını da bilgiləndirdiyini bildirib.
Müdafiəçinin sözlərinə görə, S.Babayev cəzaçəkmə müəssisəsinə köçürüləndən bəri haqqında dörd dəfə karserə - cəza kamerasına salmaq qərarı verilib. Hər dəfə beş günlük, üç günlük, yeddi günlük və s. Sonuncu karser cəzasının müddəti iyunun 8-də bitib. O vaxtdan 1 saylı Cəzaçəkmə Müəssisəsində olan kamera tipli xüsusi otağa köçürülüb.
Müdafiəçi əlavə edib ki, ilahiyyatçıya verilən cəzalar barədə qərarları dəfələrlə həbsxana rəhbərliyindən istəsə də, ala bilmir.
"Sərdar Babayevin həm dəfələrlə karserə salınması, həm də kamera tipli otaqda saxlanması barədə qərarları qanunsuz sayırıq. Bununla bağlı Nizami rayon Məhkəməsinə şikayət etsək də, təəssüf ki, məhkəmə şikayətimizə baxmaqdan imtina etdi", - vəkil vurğulayıb.
Nizami rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyev S.Babayevlə bağlı şikayəti geri qaytarıb.
Penitensiar Xidmətdən S.Babayevin cəzalandırılması barədə deyilənlərə şərh almaq mümkün olmayıb. Daha öncəki açıqlamalarda Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin edildiyini, müəssisə əməkdaşları tərəfindən onlara qarşı qanunsuzluğa yol verilmədiyini bildirib.
Xatırlatma
Sərdar Babayev 2017-2020-ci illərdə Cinayət Məcəlləsinin 168-1.3.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə 3 il həbs həyatı yaşayıb. Həmin vaxt iddia olunurdu ki, S.Babayev "azan məhbusu"dur. Cinayət işində buna əsas kimi deyilirdi ki, o, xaricdə dini təhsil aldığından dini mərasim idarə edə bilməz.
İlahiyyatçı 2021-ci ilin oktyabrında Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs olunub. Bu dəfə o, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirib Azərbaycan əleyhinə işlər görməkdə suçlu sayılaraq 17 il azadlıqdan məhrum edilib.
Ancaq S.Babayev ittihamı qəbul etmir, təqsirsiz olduğunu deyir. İlahiyyatçı bildirib ki, 2017-2020-ci illərdə əvvəlki cinayət işi üzrə həbsdə olunduğu halda, indiki cinayət işində həmin dövrdə casusluq etdiyi iddia edilir: "Mən həbsdə ola-ola necə casusluq eləmişəm?".