İyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı" zərbələr endirməyə başlayıb. Baş Qərargah rəisi, SEPAH komandiri və nüvə fizikləri öldürülüb.
Dinc sakinlər sığınacaqlara çəkilir. Nüvə danışıqları təxirə salınır
İyunun 15-də İsrail və İran bir-birinin ərazisinə havadan zərbələr endirib. Dinc sakinlər sığınacaqlara çəkilib. Beynəlxalq səviyyədə sülhə çağırışlar səslənsə də, bu iki ölkə arasında silahlı münaqişədə səngimə yoxdur. ABŞ və İranın iyunun 15-nə planlaşdırılan nüvə danışıqları isə təxirə salınıb.
14 iyun
Əliyevlə Ərdoğan İsrail-İran gərginliyini müzakirə ediblər
İyunun 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı İran və İsrail arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub: "Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayaraq məsələlərin danışıqlar yolu ilə həllinin önəmini vurğulayıblar".
İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı" zərbələr endirdiyini bildirib. Tehran da öz növbəsində Təl-Əvivə və İsrailin digər şəhərlərinə raket zərbələri endirir. İtkilər və xəsarət alanlarla bağlı məlumatlar var.
İrandakı əcnəbilərin Azərbaycan ərazisindən keçməklə təxliyəsinə yardım göstərilir
Bəzi xarici dövlətlər rəsmi Bakıya İranda olan vətəndaşlarının Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan dövləti həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır. Onların təhlükəsiz və rahat şəkildə daşınmalarını təmin etmək üçün xüsusi avtobuslar ayrılıb.
Koronavirus pandemiyası səbəb göstərilərək 2020-ci ilin yazında Azərbaycanın quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb.
Radiasiya fonu ölçülüb
Cənub sərhədləri boyunca 30 məntəqə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətləri iyunun 14-də birgə məlumat yayıblar.
"Müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib", - məlumatda vurğulanıb.
İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı" zərbələr endirdiyini bildirib.
+++
İran təmsilçisinin BMT-yə bildirdiyinə görə, 13 iyun zərbələrində onlar tərəfdən 78 nəfər öldürülüb, azı 320 nəfər yaralanıb.
13 iyun
İran İsrailə yüzlərlə ballistik raket buraxıb
İsrail ordusunun (SAXAL) məlumatına görə, İran iyunun 13-ü axşam saatlarında İsrail istiqamətində yüzlərlə ballistik raket buraxıb.
Hadisə yerindən videolarda göründüyü kimi, raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemlərini yarıb keçir.
İranın ali dini lideri Əli Xamenei televiziya müraciətində İsrailə "ağır cəza" vəd edib.
İsrail Müdafiə Nazirliyinin binasına raket zərbəsi:
Təl-Əvivdə yaşayış binasının dağıdıldığı bildirilir. Təcili yardım xidmətlərinin məlumatına görə, 35 nəfər xəsarət alıb.
Putin Pezeşkian və Netanyahu ilə danışıb, vasitəçilik təklif edib
Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Kremlin məlumatına görə, o, İsrailin zərbələri nəticəsində həlak olanlarla əlaqədar İran rəhbərliyinə və xalqına başsağlığı verib.
Yanvarda Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb. Sazişdə qarşılıqlı hərbi yardım haqqında bənd yoxdur.
Pezeşkianla söhbətində Rusiya prezidenti Moskvanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu bildirib.
Cümə günü axşam o, İsrailin baş naziri Benyamin Netanyahu ilə də danışıb. Kremldən verilən məlumata görə, Putin onunla söhbətində Rusiyanın İsrailin "BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan" hərəkətlərini pislədiyini vurğulayıb. Putin Netanyahuya münaqişədə vasitəçilik xidmətləri təklif edib. İsrail hökuməti başçısının cavabı açıqlanmır.
İsrail Fordo yeraltı nüvə zavodunu vurub
İsrail İranın yeraltı Fordo uranı zənginləşdirmə zavoduna iki zərbə endirib. İran mediası hava hücumundan müdafiə qüvvələrinin bu ərazidə İsrail dronunu vurduğunu iddia edir. Obyektin ərazisində iki partlayış olduğu bildirilir.
Daha öncə İsrailin İranın Natanzdakı nüvə obyektinə hücumu barədə məlumat verilmişdi. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik obyektin içərisində radioaktiv çirklənmə baş verdiyini açıqlayıb.
Peyk görüntülərində Natanzdakı nüvə obyektindəki dağıntılar:
Azı 20 yüksəkrütbəli komandir öldürülüb-'Reuters'
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə iyunun 12-si gecə saatlarında İsrailin İrana hava zərbələri nəticəsində həlak olub.
Bu barədə İsrailin Müdafiə Qüvvələri (IDF) X hesabında məlumat yayıb.
IDF-nin məlumatına görə, SEPAH-ın Hərbi Hava Qüvvələrinin yüksəkrütbəli rəhbərliyi də general Əmir Əli Hacızadə ilə birlikdə həlak olub. Onlar İsrailə hücum planı üzərində işləmək üçün yeraltı komanda mərkəzində toplaşıbmışlar.
IDF bildirib ki, ölənlər arasında SEPAH-ın pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə bölmələrinin komandirləri də var.
"Reuters" iki regional mənbəsinə istinadən yazıb ki, İsrailin cümə günü İrana endirdiyi zərbələr nəticəsində SEPAH-ın rəhbəri də daxil olmaqla, azı 20 yüksəkrütbəli komandir həlak olub.
Rəsmi Bakı narahatdır
"İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq".
Bu fikir iyunun 13-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İsrail-İran qarşıdurması ilə bağlı bəyanatında yer alıb.
"Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, dialoqla, diplomatik yollarla həll etməyə çağırırıq", - bəyanatda vurğulanır.
Sənəddə xüsusi olaraq mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır.
Təl-Əviv, Dubay və Tehrana uçuşlar ləğv edilib
İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda bir sıra beynəlxalq aviaşirkətlər Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular göndərib.
Eyni zamanda, "Azərbaycan Hava Yolları" (AZAL) QSC Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Bakı-Təl-Əviv-Bakı, Bakı-Dubay-Bakı, Bakı-Tehran-Bakı reysləri ləğv edib.
İranın Baş Qərargah rəisi həlak olub
İsrail İrana endirdiyi hava zərbələrində bu ölkənin bir neçə yüksəkrütbəli hərbi rəsmisinin öldürüldüyünü açıqlayıb.
"Artıq təsdiq edirik ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) komandanı və İranın Fövqəladə Hallar Komandanlığının rəhbəri İsrailin İran ərazisində 200-dən çox qırıcı təyyarə ilə həyata keçirdiyi hava zərbələri nəticəsində məhv edilib", - İsrail Müdafiə Qüvvələri (IDF) X platformasındakı paylaşımında bildirib.
"The Associated Press" (AP) agentliyi isə İsrail ordusunun mətbuat xidmətinə istinadən yazıb ki, İran İsrailə dronlarla hücum edib.
İsrail İrana zərbələr endirib
İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı" zərbələr endirdiyini bildirib. Təl-Əviv xəbərdarlıq edib ki, hücumlar davam edəcək, məqsəd Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.
Baş nazir Benyamin Netanyahu bildirib ki, "İranın İsrailin varlığına yaratdığı təhdidi aradan qaldırmaq üçün" İsrail hədəfli hərbi əməliyyata başlayıb. Onun sözlərinə görə, hücum hədə aradan qaldırılanadək davam edəcək. O, əməliyyatı "Yüksələn Şir" adlandırıb.
"İranın nüvə zənginləşdirmə proqramının ürəyindən vurmuşuq. Natantzdakı əsas zənginləşdirmə obyektini hədəfə aldıq... İranın ballistik raket proqramının da mərkəzini vurduq", – Netanyahu videoaçıqlamasında deyib. O, İran bombası üzərində işləyən nüvə alimlərinin də vurulduğunu sözlərinə əlavə edib.
Bir İsrail rəsmisi İran ərazisində onlarla obyektə zərbə endirildiyini vurğulayıb.
İranın dövlət televiziyası Tehrandakı İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) komandanlığının da vurulduğunu bildirib. İİKK komandiri, general mayor Hüseyn Salami öldürülüb, - "Tasnim" agentliyi xəbər verir.
Dövlət televiziyası Natantz uran zənginləşdirmə obyektinə bir neçə dəfə zərbə endirildiyini bildirib, ərazidən qalxan qatı tüstünün görüntülərini yayıb.
Tehranda və bir neçə başqa şəhərdə yaşayış məskənlərinə də zərbələr endirilib. Rəsmi IRNA xəbər agentliyi zərbələr nəticəsində Tehranda yaşayış kompleksində qadınlar və uşaqlar daxil olmaqla ölənlərin olduğunu bildirib.
İranın Ali dini lideri Əli Xamenei xəbərdarlıq edib ki, İsrail bu hücumların ağır nəticəsi ilə üzləşəcək. "Sionist rejim bu cinayətlə özünə acı və ağrılı bir tale yazdı və bunu mütləq alacaq", – Xamenei bəyanatında deyib.
Vaşinqtondan reaksiya
İyunun 13-də səhər ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının iclasına qatılacaq. Məlumatı Ağ ev yayıb. Tramp İsrailin zərbələrindən bir neçə saat öncə gərginliyi diplomatik yolla həll etməyə çağırmışdı.
ABŞ dövlət katibi Marko Rubio deyib ki, İsrail İrana qarşı birtərəfli addım atıb və Birləşmiş Ştatlar bunda iştirak etmir.
İsrail Vaşinqtona bildirib ki, özünümüdafiə üçün zərbələr vacibdir, - Rubio Ağ evin yaydığı bəyanatında qeyd edir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar qüvvələrini qorumaqdan ötrü addımlar atıb, regiondakı tərəfdaşları ilə əlaqədədir.
İsrailin müdafiə naziri İsrael Kats İrandan mümkün cavab zərbəsi gözlənildiyi üçün ölkəsində "xüsusi vəziyyət" elan edib.
İsrailin "El Al Airline" şirkəti bütün uçuşları təxirə saldığını bildirib. İran dövlət mediası da ölkənin hava məkanının bağlandığını açıqlayıb.